OPEC ölkələrinin gündəlik neft hasilatı artıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 13 üzv ölkəsinin ümumi xam neft hasilatı sentyabr ayı ilə müqayisədə gündəlik 273 min barel artıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, OPEC-in cümə axşamı açıqladığı aylıq neft bazarı hesabatına əsasən, üzv ölkələrin ümumi xam neft hasilatı sentyabrda orta hesabla 27,75 milyon barel olub.
Xam neft hasilatı əsasən Nigeriya və Səudiyyə Ərəbistanında artıb, bu göstəricinin ən az olduğu ölkə isə Venesueladır. Nigeriya hasilatı gündəlik 141 min barel, Səudiyyə Ərəbistanı isə 82 min barel artırıb. Venesuelada ötən ay gündəlik hasilat 25 min barel azalıb.
Sentyabrda OPEC-in xam neftinin ümumi qlobal hasilatdakı payı 0,3 faiz artaraq 27,6 faiz təşkil edib. Qlobal neft hasilatı keçən ay əsasən dəyişməyib və əvvəlki ayla müqayisədə gündəlik orta hesabla 100,6 milyon barel olub.
OPEC-ə daxil olmayan ölkələrin hasilatı sentyabr ayında təxminən 300 min barel azalaraq, orta hesabla 72,9 milyon barelə düşüb. Təşkilatın son hesabatında deyilir: "İstehsal artımı əsasən hasilatçı olmayan Avrasiya ölkələri və Böyük Britaniyadan qaynaqlanıb və Rusiya və ABŞ-da azalma ilə kompensasiya edilib". Bununla yanaşı, sentyabrda qlobal qazma qurğularının sayı avqustla müqayisədə 30 ədəd azalaraq 1830 ədəd olub, OPEC ölkələrinin payına isə 428 qazma qurğusu düşüb.
OPEC-ə daxil olmayan ölkələrdə ümumilikdə 22 qazma qurğusu bağlanıb, OPEC ölkələrində isə səkkiz qazma qurğusu istismardan çıxarılıb.