OPERATİV REYDLƏR SƏMƏRƏ VERİR
Bildirilmişdir ki, operativ reydlər ticarət və xidmət sahələrində alıcılara müəyyən edilmiş qaydada kassa çekləri verilənədək davam edəcəkdir. Özü də obyektlərdə yoxlamalar dəfələrlə keçirilə bilər.
Avqustun 24-də Vergilər Nazirliyinin əməkdaşları kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birlikdə Bakının ticarət obyektlərində birgə reyd keçirmiş və bir sıra pozuntular qeydə almışlar.
Nazirliyin mətbuat katibi Fariz Səmədov jurnalistlərə bildirmişdir ki, Bakıda operativ vergi nəzarətinə dair genişmiqyaslı tədbirlər çərçivəsində 61 min 849 obyekt yoxlanılmış, 16 min 396 obyektdə nağd hesablaşmadan istifadə olunmaqla qaydaların pozulması faktları qeydə alınmışdır. İnzibati cərimələrin və maliyyə sanksiyalarının ümumi məbləği 1.501.852 manat olmuşdur.
Nazirliyin nümayəndəsi bu sahədə müəyyən müsbət meyilləri də diqqətə çatdırmışdır. Məsələn, operativ reydlərin keçirildiyi birinci həftədə qaydaları pozmaqla vergi ödənişindən boyun qaçıran obyektlər 80-90 faiz idisə, hazırda 20 faizə enmişdir. Eyni zamanda, təxminən 400 obyektdə nağd yolla hesablaşma aparmaqla qaydaların pozulması faktları 3 dəfədən artıq aşkara çıxarılmışdır. Onların işi nazirliyin Vergi cinayətlərinin araşdırılması departamentinə veriləcək, bəziləri isə məhkəmə instansiyalarına göndəriləcəkdir.
Xatırladaq ki, iyulun ortalarında, irimiqyaslı yoxlamalardan əvvəl Vergilər Nazirliyi sahibkarlara müraciət edərək, onları qanunlara ciddi riayət etməyə çağırmışdır.