Oqtay Maqsudov: İordaniyada yaşayan gənclər ordumuzla fəxr edirlər
Əmman, 7 aprel, AZƏRTAC
İordaniyada yaşayan Azərbaycan gəncləri və zənnimcə, Azərbaycanın hüdudlarından kənarda yaşayan yüz minlərlə həmvətənimiz ölkəmizlə, Ermənistanın növbəti provokasiyasının qarşısını alaraq, düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirən Milli Ordumuzla fəxr edir. Bu fikri AZƏRTAC-ın müxbirinə müsahibəsində İordaniya Universitetinin birinci kurs tələbəsi Oqtay Maqsudov səsləndirib.
Onun sözlərinə görə, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın provokasiyasının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini qorumaq məqsədi daşıyan cavab tədbirlərini tam dəstəkləyir. O.Maqsudov fikrini belə yekunlaşdırıb: “Sürətli əks-hücum nəticəsində strateji əhəmiyyət daşıyan bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimiz düşmən tapdağından tam azad edilib. Bu qələbə adları daim qəlbimizdə yaşayacaq cəsur Azərbaycan döyüşçülərinin həyatı bahasına başa gəlib. Şəhidlərimizin qəhrəmanlığı isə gənc nəslə örnək olacaq. Bu gün Azərbaycan Milli Ordusu hər bir azərbaycanlının qürur mənbəyidir. Bu gün hamı Azərbaycanın qüdrəti və gücü ilə hesablaşmağa məcburdur. Bu şanlı tarixi gündə biz Vətənimizin yanındayıq və çox şadıq ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan tarixi Qarabağ torpaqlarının Ermənistan ordusunun işğalından azad etmək naminə sıx birləşmişik. Biz bu ideya ilə yaşayırıq və əminik ki, güclü Azərbaycan dövləti Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin rəhbərliyi tərəfindən müvəffəqiyyətlə davam etdirilən daxili və xarici siyasət sayəsində geri qaytaracaq, bütün qaçqın və məcburi köçkünlər doğma el-obalarına qayıdacaq, ədalət zəfər çalacaq”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman