İQTİSADİYYAT
Orxan Məmmədov: KOB İnvestisiya Fondunun yaradılması istiqamətində iş aparılır
![Orxan Məmmədov: KOB İnvestisiya Fondunun yaradılması istiqamətində iş aparılır](/files/2023/1/1200x630/16777418681326937108_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Son dövrlər dünyada baş verən qlobal dəyişikliklər, sosial-iqtisadi problemlərin kəskinləşməsi, beynəlxalq enerji bazarında sabitliyin pozulması sahibkarlığa, xüsusilə mikro, kiçik və orta sahibkarlığa neqativ təsir göstərir. Biznes subyektlərinin böyük əksəriyyətini KOB-lar təşkil edir. Ümumdünya Ticarət Təşkilatının “Dünya Ticarət Hesabatı”na görə, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50 faizini, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35 faizini təşkil edir, ümumi məşğulluğun isə 60-70 faizini təmin edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusundakı konfransda söyləyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99 faizdən çoxu KOB subyektlərinin payına düşür. Ölkəmizdə sahibkarlıq subyektləri kənar maliyyələşmə mənbəyi kimi çox vaxt banklara üstünlük verirlər.
“Azərbaycanda qlobal çağırışlar nəzərə alınaraq və gələcək inkişafın yüksək templərini təmin etmək məqsədilə Prezident tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul edilib. Bu Strategiyanın reallaşması istiqamətində Agentliyin qarşısında qoyulan vəzifələr sırasında KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması da yer alıb. Qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə maliyyə bazarlarına KOB subyektlərinin tələblərinə cavab verən alternativ maliyyə alətləri təklif edəcək KOB İnvestisiya Fondunun yaradılması istiqamətində işlər həyata keçirilir”,- deyə Orxan Məmmədov qeyd edib.