Orxan Məmmədov: Ölkəmizdə müasir tələblərə cavab verən yeni milli standartların yaradılması vacibdir

Bakı, 11 oktyabr, AZƏRTAC
Ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla əlaqələndirilməsi, müasir tələblərə cavab verən yeni milli standartların yaradılması ilə bu sahənin əhatə dairəsinin genişləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri (KOBİA) Orxan Məmmədov Bakıda “Ümumdünya Standartlar Günü” ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, dünyada gedən qloballaşma prosesinə inteqrasiya, ölkəmizin sosial və iqtisadi sahədəki inkişafı fonunda məhsul, istehsal prosesi, xidmət sahəsi və xidmət subyektlərinin standartlaşdırılması da aktual məsələlərdəndir. Bu gün iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri, o cümlədən biznes mühitində olan dəyişikliklər məhsul və xidmətlər sahəsində də standartlaşdırma səylərinin artırılmasını və müasir tələblərə cavab verməsini şərtləndirir. "Qloballaşma şəraitində müvafiq standartlara cavab verməyən məhsul və xidmətlərin mövcudluğu hamını narahat edən problem olaraq qalır. Sosial-iqtisadi inkişafda standartlaşdırmanın əhəmiyyəti davamlı olaraq artmaqdadır. Bu baxımdan əhalinin müasir tələb və standartlara cavab verən məhsul və xidmətlərlə təmin edilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biridir. Ölkədə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst hərəkətinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması üçün həyata keçirilən tədbirlər çərçivəsində standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun olması zəruri amillərdən biridir. Həmçinin milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması aktual məsələdir", - deyə O.Məmmədov qeyd edib.
Diqqətə çatdırılıb ki, bu gün standartlaşdırma sahəsində dövlət tərəfindən müxtəlif istiqamətlərdə geniş tədbirlər həyata keçirilir. Ötən dövr ərzində respublikada istehsal və xidmət sahəsində keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülüb, bununla bağlı normativ-hüquqi aktlar təsdiq edilib, qanunvericilik bazası daha da möhkəmləndirilib. KOBİA-nın İdarə Heyətinin sədri deyib: "Təqdirəlayiq haldır ki, bu siyasətin həyata keçirilməsində dövlətlə yanaşı, özəl sektor da təşəbbüs göstərərək fəal iştirak edir. Bundan irəli gələrək KOBİA tərəfindən mütəmadi olaraq ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarların iştirakına, o cümlədən mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə müvafiq dəstək göstərilməkdədir. Həyata keçirilən bu kimi tədbirlər zamanı biznes subyektlərinin təqdim etdikləri məhsul və xidmətlərin müvafiq standartlara cavab verməsi tələb olunur".