Ostrava Universitetində “Azərbaycan dili” kursunun tədrisinə başlanıb
Praqa, 8 oktyabr, AZƏRTAC
Ostrava Universitetinin fəlsəfə fakültəsində “Azerbaijan Student Network” (ASN) Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycan dili” fənni üzrə ilk dərs keçirilib. Azərbaycandan olan mühazirəçi Şəbnəm Əsədovanın tədris etdiyi bu yeni fənn hələlik yalnız fəlsəfə fakültəsinin tələbələri üçün əlyetərlidir. Lakin gələcəkdə bu kursa universitetin başqa fakültələrinin tələbələrinin də yazıla bilməsi nəzərdə tutulur.
Müəllimə Leyla Musayeva Karl adına Praqa Universitetində artıq ikinci ildir ki, ASN təşkilatının himayəsi ilə “Azərbaycan dili” və “Azərbaycanşünaslıq” kurslarını tədris edir. 2015-ci ilin yayında həmin kursların iki nəfər ən yaxşı müdavimi ASN xətti ilə Azərbaycana bir həftəlik dil təcrübəsi keçməyə göndərilib.
“Azerbaijan Student Network” Gənclər Təşkilatının Praqadakı ofisinin direktoru Eldar Vəliyev deyib: “Keçənilki uğurlarımızı nəzərə alaraq biz bu semestrdən başlayaraq Şərqi Avropa Araşdırmaları İnstitutunun rəhbərliyi ilə birlikdə Karl adına Praqa Universitetində kursların sayını artırmağı qərara aldıq. İndi bu Universitetdə “Azərbaycan tarixi” kursu da tədris ediləcək”.
Təşkilatda əmindirlər ki, çexiyalı tələbələr tərəfindən Azərbaycan dilinin və ölkəmizin tarixinin öyrənilməsi bakalavr və magistrlərin Cənubi Qafqaz regionuna daha yaxşı oriyentasiya etmələrinə imkan verəcək, habelə ölkələrimiz arasında mədəni, elmi və işgüzar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
ASN təşkilatı 2011-ci ildə Berlində azərbaycanlı və avropalı tələbələr arasında qarşılıqlı fəaliyyət platforması yaratmaq məqsədini qarşıya qoymuş bir qrup tələbə tərəfindən yaradılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa