Özbək xalqının böyük mütəfəkkiri Zəməxşərinin əsəri işıq üzü görüb
Bakı, 13 yanvar, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından özbək xalqının böyük mütəfəkkiri Zəməxşərinin əsəri işıq üzü görüb. Oxuculara təqdim edilən kitab özbək xalqının böyük alim və mütəfəkkiri Zəməxşərinin (Əbdülqasım Mahmud bin Ömər bin Məhəmməd əl Xarəzmi əz- Zəməxşəri) “Müqəddimətül- ədəb” əsəridir. Türkologiyada xüsusi yeri olan əsər Mərkəzin qardaş Özbəkistanla qarşılıqlı əlaqələrinə bir töhfədir.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə deyib.
O bildirib ki, kitab filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi ilə ərsəyə gətirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırlanan əsərin elmi redaktoru akademik Teymur Kərimlidir.
Direktor diqqətə çatdırıb ki, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi BMM-nin inkişaf strategiyasında prioritet istiqamətlərdən biridir. Bu baxımdan BMM –nin Özbəkistanın ali təhsil müəssisələri və Makom Mərkəzi arasında imzalanan müqavilələrdə qarşılıqlı elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işləri, qarşılıqlı konsert və mədəni layihələr, ustad dərsləri kimi əməkdaşlıq məsələləri nəzərdə tutulur. Bu günə kimi BMM Özbəkistanla əməkdaşlıqda yeddiyə yaxın sənədə imza atıb. Birgə əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsinin artırılmasına, qurumlar arasında qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin və ədəbi nümunələrin geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə xidmət edəcək. Qarşıdakı layihələrdən biri də BMM-nin solistlərinin ifasında Əlişir Nəvainin qəzəllərindən ibarət muğam gecəsinin təşkil edilməsidir.
“Zəməxşərinin “Müqəddimətül- ədəb” əsəri türkoloji aləmdə Mahmud Kaşğarinin “Divani luğat-it Türk” əsərindən sonra mühüm yer tutur. Abidənin ilk növbədə ərəbcə-farsca- türkcə (Xarəzm türkcəsi) lüğət olmasına baxmayaraq əsərdə yüzlərlə türk söz və söz birləşmələri öz əksini tapıb. Əsər Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur”, - deyə direktor əlavə edib.