İQTİSADİYYAT
Özbəkistan Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlıdır
Bakı, 6 mart, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin Strateji müəssisələrin transformasiyasının əlaqələndirilməsi departamentinin rəhbəri Mansurxoca Yusupxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iştirak edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev ötən ay Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunu məmnunluqla xatırlayıb, “AzerGold” QSC ilə Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan Anlaşma və Razılaşma Memorandumunun iki dost-qardaş ölkənin dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri açdığını diqqətə çatdırıb. X.Fərzəliyev Cəmiyyətin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.
Mansurxoca Yusupxocayev mütəmadi olaraq keçirilən bu cür görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Qonaq hər iki ölkə arasında dərinləşən iqtisadi əlaqələrdən söz açıb, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib.
Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Regionlararası Müfəttişliyinin rəisi Feruz Əhmədov Özbəkistanda icra edilən vergi islahatları və onun biznesin, xüsusilə sənayenin inkişafına təsiri barədə danışıb.
Daha sonra iki ölkə arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.