Özbəkistan ilə Çin arasında ticarət dövriyyəsi 50 faiz artıb
Bakı, 24 yanvar, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çinə səfəri çərçivəsində ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə, ilk növbədə, ticarət və iqtisadiyyat sahələrində çoxşaxəli qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
“Ötən il ölkələr arasında ticarət dövriyyəsi 50 faiz artaraq 14 milyard dollara çatıb. Yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının və sənaye mallarının qarşılıqlı tədarükünün artırılması da daxil olmaqla, bu göstəricinin 20 milyard dollara çatdırılması potensialı qeyd edilib. Çinin Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi isə 14 milyard dolları ötüb”, - mətbuat xidmətinin məlumatında belə deyilir.
Görüşdə, həmçinin infrastrukturun modernləşdirilməsi, sənaye əməkdaşlığının genişləndirilməsi, kənd təsərrüfatında texnologiya transferləri və “yaşıl” enerjinin inkişafı sahəsində ayrı-ayrı əməkdaşlıq proqramları müzakirə edilib.
Bundan əlavə, Çinin bank və maliyyə institutları ilə qarşılıqlı fəaliyyət perspektivləri və ÇXR şirkətlərinin Özbəkistandakı özəlləşdirmə proseslərində iştirakı nəzərdən keçirilib. Tərəflər hava nəqliyyatının və turist mübadiləsinin daha da genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.