Özbəkistan portalı Azərbaycanın Dövlət Müstəqilliyi Günündən yazır
Daşkənd, 18 oktyabr, AZƏRTAC
Özbəkistanın “Tnews.uz” portalı “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” sərlövhəli məqalə yayıb.
Məqalənin əvvəlində 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Xalq Cümhuriyyəti haqqında məlumat verilir. Bildirilir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi.
Yazıda Azərbaycanın inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə uğurlu islahatların həyata keçirildiyi qeyd edilir.
Müəllif Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşdiyini, bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını vurğulayır.
Azərbaycanın beynəlxalq əlaqələrindən də bəhs edilən yazıda ölkəmizin bir sıra beynəlxalq və regional təşkilatların fəal üzvü olduğu, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi diqqətə çatdırılır.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da söhbət açılır, Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilir. Qeyd edilir ki, iki əsrdən bəri ermənilər Azərbaycanın tarixi torpaqlarını - İrəvanı, Zəngəzuru, Göyçəni və digər əraziləri işğal ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd