Özbəkistan Prezidentinin Azərbaycana səfəri münasibətlərimizin daha da dərinləşməsinə töhfə verəcək
Bakı, 2 mart, AZƏRTAC
Özbəkistan Prezidentinin Azərbaycana səfəri münasibətlərimizin daha da dərinləşməsinə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, son illər tərəflər arasında strateji münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64 faiz artaraq 111 milyon 903 min dollardan 183 milyon 307 min dollaradək yüksəlib. 2020-ci illə müqayisədə isə ticarət dövriyyəmiz 2 dəfədən çox artıb.
“Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın digər, çox fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb. Özbəkistan müasir standartlara uyğun olaraq Füzuli şəhərində orta məktəb binasının inşaasını tamamlamaq üzrədir. Bu isə tərəflərin, həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir”, - deyə V.Bayramov qeyd edib.
Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 1-də ölkəmizə səfərə gəlib.