Özbəkistanda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib







Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyəti və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə “Konstitusiya və Dövlətçilik tariximiz” adlı tədbir keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, universitetin Tarix fakültəsinin dekanı, professor Mansur Uktamjonov Azərbaycan və Özbəkistanın dövlətçilik tarixindən danışaraq hər iki ölkənin sovetlər dönəmindən sonra demək olar ki, eyni vaxtda müstəqillik əldə etdiklərini vurğulayıb.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli xalqımızın müstəqilliyə gedən çətin bir yol keçdiyini bildirərək sonrakı dövrlərdə bu müstəqilliyin qorunmasında, eləcə də daha da möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd edib. Bu gün Azərbaycanın dünyanın ən suveren, söz sahibi olan dövlətlərindən birinə çevrilməsində Prezident İlham Əliyevin misilsiz siyasi bacarıqlarından söz açan A.Marifli artıq Azərbaycanın təkcə region üçün deyil, bütün Türk dünyası üçün önəmli bir rola malik olduğunu vurğulayıb. Akif Marifli Azərbaycanla Özbəkistan arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söhbət açıb, dövlət başçılarımız İlham Əliyev ilə Şavkat Mirziyoyevin dostluğunun bir örnək olduğunu bildirib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Mayis Əliyev hazırkı əsas Qanunun sayca beşinci Konstitusiya olduğunu, bu sənəddə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları, maddi, mənəvi, tarixi irsin qorunmasının təsbit edildiyini bildirib. M.Əliyev Azərbaycanda və Özbəkistanda da Konstitusiya Məhkəmələrinin olduğunu qeyd edərək bu qurumlarda məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.
Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov xalqlarımız arasında sıx qardaşlıq münasibətlərindən, dilimiz, dinimiz, adət-ənənələrimizin eyniliyindən söz açıb. E.Nuriddinov Qarabağ məsələsinin ədalətli həllindən, 44 günlük Vətən müharibəsində Özbəkistanın Azərbaycanın yanında olduğunu, dövlətimizin mövqeyini dəstəklədiyini və bütün bunların da dostluq və qardaşlığımıza bir nümunə olduğunu vurğulayıb.