Özbəkistanda Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcəkdir
Daşkənd, 13 yanvar (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimləri keçirəcəkdir.
Səfirliyin katibi Səbuhi Əhmədovun AZƏRTAC-a verdiyi məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat veriləcək, qanlı hadisələrlə bağlı sənədli film göstəriləcək, fotosərgi təşkil olunacaqdır.
Bildirilmişdir ki, 20 Yanvar ilə əlaqədar materiallar toplusu artıq Daşkənddə akkreditə olunmuş diplomatik korpusa və beynəlxalq təşkilatlara, insan hüquqları ilə bağlı bütün qurumlara, ölkənin mətbu orqanlarının redaksiyalarına, Dostluq Cəmiyyətləri Şurasına, ali təhsil ocaqlarının tarix və jurnalistika fakültələrinə, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutuna və Tarix Muzeyinə göndərilmişdir.
Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov bildirmişdir ki, faciə ilə əlaqədar Daşkənd, Səmərqənd, Sırdərya, Buxara, Fərqanə və digər şəhərlərdə də anma mərasimləri keçiriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd