Özbəkistanın dövlət müstəqilliyinin 23-cü ildönümü qeyd olunub
Bayram şənliyində hökumət və parlament üzvləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun üzvləri, o cümlədən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Daşkənddəki Əlişir Nəvai adına milli parkda keçirilən rəsmi tədbirdə çıxış edən Özbəkistan Prezidenti İslam Kərimov əlamətdar bayram münasibətilə özbək xalqını və ölkədə yaşayan digər xalqların nümayəndələrini təbrik edib, son illər ölkənin əldə etdiyi uğurlarından danışıb.
Dövlət başçısının sözlərinə görə, müstəqillik illərində ölkə iqtisadiyyatı faktiki olaraq 5 dəfəyədək, insanların həyat şəraiti 8,7 dəfə artıb. Dünyada gedən maliyyə-iqtisadi böhrana baxmayaraq ölkə iqtisadiyyatı son on ildə 8 faiz yüksəlib.
Bayram tədbiri incəsənət ustalarının iştirakı ilə davam edib.
Daşkəndin və vilayət mərkəzlərinin küçə və meydanlarında müstəqillik günü münasibətilə şənliklər və gəzintilər təşkil olunub.
Paytaxtın Babur parkında təşkil olunmuş bayram tədbirində isə ölkədə fəaliyyət göstərən milli mədəniyyət mərkəzləri iştirak edib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi pavilyonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar və suvenirlər nümayiş edilib.
Səfir Hüseyn Quliyev və səfirliyimizin əməkdaşları da bayram tədbirinə qatılıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd