HEYDƏR ƏLİYEV - 100
Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
Bakı, 10 may, AZƏRTAC
Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İki qardaş ölkə - Azərbaycan və Özbəkistan” sərlövhəli məqalə dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədovun müəllifi olduğu məqalədə qardaş ölkədə yaşayan azərbaycanlıların dahi şəxsiyyət Heydər Əliyevlə fəxr etdikləri bildirilib. Ölkələrimiz arasında münasibətlərin uzun, möhkəm, sarsılmaz köklərə malik olduğu, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Özbəkistanda hər zaman böyük ehtiramla xatırlandığı vurğulanıb. Qeyd edilib ki, Heydər Əliyevin özbək həmkarları ilə yaxın münasibətləri, həmçinin dostluq əlaqələri bir çox mürəkkəb məsələlərin həlli, ən əsası, Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi ilə nəticələnib.
Müəllif diqqətə çatdırıb ki, hazırda Heydər Əliyevin arzu və ideyaları həyata keçirilir. Müstəqil Azərbaycan dünya dövlətləri arasında inamla irəliləyir, öz köklərini, tarixi keçmişini, zəngin mədəniyyətini qoruyub saxlayır və türk dövlətləri, o cümlədən Özbəkistan ilə bu tarixi dostluğu və əməkdaşlığı uğurla davam etdirir. Xalqlarımız dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müstəsna xidmətlərini yüksək qiymətləndirirlər.
Məqalədə Azərbaycanın dövlət başçısının Türk Dövlətləri Təşkilatının Daşkənddə keçirilmiş Zirvə toplantısında çıxışına geniş yer verilib, Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, xalqlarımızın ortaq tarix, mədəniyyət, milli adət və ənənələr, dil və din baxımından bir-birinə yaxınlığı, keçən əsrin 30-cu illərində kütləvi repressiya vaxtlarında on minlərlə azərbaycanlının Özbəkistana sürgün edilməsi və burada özünə sığınacaq tapdığı, 40 mindən çox azərbaycanlının Özbəkistanın elm, mədəniyyət, sosial-iqtisadi və humanitar sahələrində fəal iştirak etdiyi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Özbəkistanda yaşayan bütün diasporların nümayəndələr milli mədəniyyət mərkəzlərinə malikdir, Azərbaycan diasporu da sərbəst və fəal şəkildə öz fəaliyyəti ilə məşğul olur.