Özbəkistanın nümayəndə heyəti Qarabağa səfər edib
Bakı, 26 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və bu ölkənin nümayəndə heyəti Qarabağda olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Füzuli şəhərinə yollanıb, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət ediblər. Bu məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq tikilib. Nümayəndə heyətinə məktəbin fəaliyyəti haqqında məlumat verilib. Qonaqlar məktəbə kitablar təqdim ediblər.
Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşən nümayəndə heyəti Cıdır düzünü, Gəncə qapısını və digər tarixi, görməli yerləri ziyarət ediblər.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş olub. Görüşdə Şuşa şəhərinin tarixindən və görülən işlərdən danışılıb. Azərbaycan ilə Özbəkistan arasında hər bir sahədə əməkdaşlığın sürətlə inkişaf etdiyi vurğulanıb. Xivə ilə Şuşa şəhərləri arasında “qardaşlaşmış şəhər” əlaqələrinin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, yeni inşaat işləri və infrastrukturla yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına da xüsusi fikir verilir.
Nümayəndə heyəti aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.
Şuşadan Xankəndiyə yollanan qonaqlar şəhərlə tanış olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verilib.