Özbəkistanın podrobno.uz portalı ümummilli lider Heydər Əliyev haqqında məqalə yayıb
Daşkənd, 9 yanvar, AZƏRTAC
Özbəkistanın podrobno.uz portalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məqalə yayıb.
Məqalədə Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də ölkənin Prezidenti seçildiyi diqqətə çatdırılır. 1998-ci ildə 15 iyun tarixinin respublikada dövlət səviyyəsində Milli Qurtuluş Günü elan olunduğu bildirilir.
Məqalədə qeyd olunur ki, Heydər Əliyev insanların xatirəsində nadir siyasi təfəkkürə və müdrikliyə malik olan yüksək peşəkar və bacarıqlı təşkilatçı kimi qalıb. Yazıda Ulu Öndərin keçmiş SSRİ-nin rəhbərlərindən biri və müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti haqqında ətraflı məlumat verilir.
Müəllif Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi üçün gördüyü mühüm işlər, onun əsasını qoyduğu neft strategiyası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və digər layihələr haqqında da söhbət açır. Bildirilir ki, Heydər Əliyev fenomeni sabit iqtisadi inkişaf, sosial birlik və milli bərabərlik deməkdir.
Məqalədə, həmçinin diqqətə çatdırılır ki, 2004-cü ildə Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin, 2008-ci ildə isə Bakıda özbək şairi Əlişir Nəvainin abidələri ucaldılıb və həmin abidələrin açılışında Azərbaycan və Özbəkistanın prezidentləri İlham Əliyev və İslam Kərimov iştirak ediblər.
Məqalədə Özbəkistanla Azərbaycan arasındakı əlaqələr, ulu öndər Heydər Əliyevlə Özbəkistan Prezidenti İslam Kərimovun dostluğu haqqında məlumat verilir. Vurğulanır ki, hazırda bu dostluq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan dövlətinin başçısı İslam Kərimov arasında davam etdirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd