CƏMİYYƏT
Özbəkistanlı nümayəndə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub
Bakı, 14 noyabr, AZƏRTAC
Özbəkistanın “Beynəlxalq İnklüziv HUB” (“International Inclusive HUB”) beynəlxalq əsaslı peşəkar inklüziv təhsil mərkəzinin direktoru Mədinə Bədəlova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan qonaq Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumatlandırılıb.
Bildirilib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük bu tipli müəssisə hesab edilir. Açılışı 2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilən Mərkəzdə həssas əhali qruplarından olan şəxslərə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərlə yanaşı, sosial pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir. Tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan həmin inklüziv məkanda həssas kateqoriyalardan olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən layihələrdən söhbət açılıb.
Qonaq yaradıcılıq studiyalarında təlim prosesini izləyib, Mərkəz və “DOST Evi” filialında hazırlanan əl işləri, o cümlədən ətraf mühitin mühafizəsi, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təlimçi və benefisiarların ərsəyə gətirdikləri sənət nümunələrindən ibarət sərgiyə baxıblar.
Mədinə Bədəlova rəhbəri olduğu “Beynəlxalq İnklüziv HUB” tərəfindən davamlı həyata keçirilən ekoloji təşəbbüslər barədə danışıb. HUB ekofəallarının COP29 tədbirlərində fəal iştirak etdiyini, iqlim dəyişmələri və onun xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri ilə bağlı vacib məqamlara diqqət etdiklərini vurğulayıb.
Layihə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi, Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi və “Zamin“ Beynəlxalq İctimai Fondu tərəfindən reallaşdırılır. Unikal platformanın gənclərə keyfiyyətli təhsil almaq, istedadlarını üzə çıxarmaq, reabilitasiya və sosial adaptasiya sahəsində bərabər imkanlar yaratmaq məqsədləri diqqətə çatdırılıb.
Sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin cəmiyyətə adaptasiyası sahəsində görülə biləcək işlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonra qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.