Özüyeriyən artilleriya qurğularından praktiki atışlar yerinə yetirilib
Bakı, 24 dekabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar yerinə yetiriblər. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.
Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.