Paata Çivadze: Azərbaycan beynəlxalq idman yarışlarının uğurla təşkilində zəngin təcrübəyə malikdir
Tbilisi, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Tbilisidə “İdman turizmi” (“Sportsway tourism”) mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov konfransda çıxış edərək ölkəmizin idman yarışlarının yüksək səviyyədə təşkili sahəsində zəngin təcrübəsindən danışıb.
Azərbaycanın Tbilisidə keçirilən “İdman turizmi” beynəlxalq konfransında iştiraka böyük əhəmiyyət verdiyini vurğulayan Elçin Səfərov bildirib: “Əsas məqsəd idman yarışlarının paytaxtla yanaşı, bölgələrdə də keçirilməsi, idmançıların və tamaşaçıların respublikanın bölgələrinə səfərlərinin təşkili, bunun iqtisadiyyata təsiri istiqamətlərində Azərbaycanın təcrübəsini yaymaqdır. Gürcüstanda da keçiriləcək görüşlərdə bununla bağlı məlumat verilir, təcrübə mübadiləsi aparılır”.
Tədbirin əsas təşkilatçılarından olan Gürcüstanın Korporativ İdman Federasiyasının prezidenti Paata Çivadze Azərbaycanda beynəlxalq idman yarışlarının, eləcə də idman turizminin təşkilini yüksək qiymətləndirib.
Jurnalistlərə müsahibəsində P.Çivadze deyib: “Azərbaycan beynəlxalq idman yarışlarının, eləcə də idman turizminin təşkilində zəngin təcrübəyə malikdir. Qardaş və dost ölkənin bu sahədəki təcrübəsini öyrənmək bizim üçün böyük əhəmiyyət kəsb edir. Gürcüstan hökuməti ölkədə idman turizminin inkişafında, eləcə də inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməkdə maraqlıdır. İdman turizminin inkişafı və beynəlxalq idman tədbirlərinin təşkili hər bir ölkə, o cümlədən Gürcüstan üçün vacibdir. Bizə yaxın dost və qardaş ölkə olan Azərbaycan son illərdə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, qadınlar arasında voleybol üzrə Avropa çempionatı və s. beynəlxalq turnirləri yüksək səviyyədə təşkil edib. İdman yarışlarının təşkili hər bir ölkənin iqtisadi inkişafı ilə yanaşı, dünyada nüfuzunun artmasında da mühüm rol oynayır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi