PABLO PİKASSONU PLAGİATLIQDA TƏQSİRLƏNDİRİRLƏR
Məsələn, mənşəcə ispan olan görkəmli fransız rəssamı Pablo Pikassonun doğumunun oktyabrın 25-də qeyd ediləcək 125 illiyi ərəfəsində yenidən şayiələr yayılmışdır ki, onun bədii və emosional təsirinin gücünə görə, bir çox tənqidçilərin fikrincə, XX əsr incəsənətində tayı-bərabəri olmayan “Gernika” əsəri plagiatdır.
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, ilk dəfə belə ehtimalı təxminən 10 il əvvəl Madridin “İntervyu” jurnalında həvəskar sənətşünas Xose Pedro Vindal irəli sürmüşdür. O, ömrünün bir çox illərini “Gernika”nı öyrənməyə həsr etmişdir.
Vindal iddia edir ki, “Gernika” araqonlu rəssam, Fransisko Qoyyanın dostu Manuel Navarronun XIX əsrin əvvəllərində yaratdığı “Kuernikabrada yarmarka” qravürasının, demək olar, surətidir. Tədqiqatçı yazır: “Mən bu əsərləri hər dəfə tutuşdurarkən onlarda yeni-yeni oxşarlıqlar aşkara çıxarırdım. Eyni kompozisiya, eyni çılğınlıq, eyni formasız fiqurlar, eyni ekspressiv dəst-xətt, hətta öküzlər də eynidir. Nəhayət, tabloların ölçüləri də tamamilə eynidir. Onların məhz heyrətamiz oxşarlığı məni belə fikrə gətirdi ki, “Kuernikabrada yarmarka” Pikassonu “Gernika”nın yaradıldığı formanı seçməyə sövq etmişdir”.
Maraqlıdır ki, Vindal “Gernika” ilə ilk dəfə, 1937-ci ilin iyununda Paris sərgisində tanış olarkən, 14 yaşında idi. Etirafına görə, əsər ona məhz tragizmi, qeyri-adi çəkiliş tərzi, boz fonu ilə güclü təsir bağışlamışdır. “Gernika”ya marağı bu da gücləndirirdi ki, izahatı Pikassonun özü verirdi. Vindal söyləyir ki, rəssam onu görcək demişdir: “İnanmıram ki, sən “Gernika”nı başa düşəsən. Sən hələ uşaqsan. Ümumiyyətlə, sən onu böyüyəndə də, çətin ki başa düşəsən”.
Əlbəttə, rəssam gözləməzdi ki, Xose Pedro Vindal əsəri, hər halda, anlamaq istəyəcəkdir. Pablo Pikasso həmçinin zənn etməzdi ki, bu istək belə “kəşflər”ə gətirib çıxaracaqdır.