Pakistanın Baş nazirinin müşaviri: Azərbaycan-Pakistan əməkdaşlığı bütün sahələrdə ardıcıl şəkildə inkişaf edir
Antalya, 20 aprel, AZƏRTAC
Azərbaycan, Türkiyə və Pakistan arasındakı qardaşlıq bağlarının daima davam edəcəyinə inamım tamdır. Antalya Diplomatik Forumu çərçivəsində liderlərimizin növbəti səmimi görüşünə şahid olduq. Elə bu, özü-özlüyündə xalqlarımız, dövlətlərimiz arasındakı sarsılmaz bağların ən gözəl nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Baş nazirinin müşaviri Moşarraf Zaidi ifadə edib.
Ölkələrimiz arasındakı ən başlıca bənzərliyin sülh tərəfdarı olması olduğunu qeyd edən müşavir deyib: “Biz qarşıdurmaların həlli yollarının danışıqlar masası, diplomatiya olduğunu hər zaman vurğulamışıq. Bu yanaşma dövlətlərimiz qədər xalqlarımızın da əsas prinsiplərindən biridir. Vətən müharibəsini xatırlayaq. Azərbaycan uzun illər danışıqları məsələnin həlli kimi gördü. Lakin alınmadı və Azərbaycan öz gücünə ərazi bütövlüyünü, haqqı, ədaləti bərpa etdi. Pakistan da bir qardaş ölkə olaraq təbii ki, bu müharibədə Azərbaycanı dəstəklədi, yanında oldu. Çünki Azərbaycan bu müharibənin haqlı tərəfi idi. Azərbaycan da Hindistan-Pakistan qarşıdurmasında bizi dəstəkləyir, çünki haqqı müdafiə edir. Bizim münasibətlərimiz təkcə dövlətlərarası əlaqələrlə kifayətlənmir, Azərbaycan-Pakistan əməkdaşlığı bütün sahələrdə ardıcıl şəkildə inkişaf edir”.