Pakistanın “Daily İnsaf” qəzetində “Xocalı soyqırımı –tarixin faciəli səhifəsi” adlı məqalə dərc olunub
İslamabad, 24 fevral, AZƏRTAC
Pakistanın urdudilli “Daily İnsaf” qəzetində jurnalist Raca Mahmud Battinin “Xocalı soyqırımı - tarixin faciəli səhifəsi” adlı məqaləsi dərc edilib.
Məqalədə XX əsrdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı törətdikləri bildirilir. Qeyd edilir ki, keçən əsrin sonunda ermənilər yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və keçmiş Sovet İttifaqının süqutundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal edib.
Xocalı hadisələrindən bəhs edən R.M. Batti bildirir ki, münaqişədən əvvəl bu şəhərdə 7 min insan yaşayıb və 1991-ci ildən başlayaraq şəhər erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılıb.
Qeyd edilir ki, fevralın 26-da keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı amansız hücuma məruz qalıb, şəhər tamamilə dağıdılıb və yandırılıb. Həmin dəhşətli gecə azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.
Jurnalist bu hadisənin şahidləri olan Sürayyə və Rəisə Aslanovaların tükürpədici xatirələrini qələmə alıb. Müəllif həmin dövrdə Xocalı faciəsinin dünya mətbuatında geniş işıqlandırıldığını qeyd edir, soyqırımının iştirakçıları terrorist Monte Melkonyan və Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandan sitatlar gətirərək bu kütləvi qırğının ermənilərin düşünülmüş və əvvəlcədən hazırlanmış bir aksiya olduğunu vurğulayır.
Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistemli və davamlı zorakılıqların tərkib hissəsi olduğu bildirilir, ermənilərin ayrı-seçkilik siyasəti apardığı qeyd olunur. Vurğulanır ki, bu da Ermənistan təcavüzkar siyasətinin əsasını təşkil edir.
Yazıda Raca Mahmud Batti Pakistan-Azərbaycan münasibətləri, ölkəsinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe barəsində söhbət açır. Bildirilir ki, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir ölkə kimi tanımayan Pakistan daim Azərbaycanın yanında olub. 2012-ci ildə Pakistan Senatı Xocalıda baş vermiş hadisələri rəsmi olaraq soyqırımı kimi tanıyıb, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad