Pakistanın nüfuzlu “Liberty” jurnalında Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc olunmuşdur
Bakı, 21 noyabr (AZƏRTAC). Pakistanın nüfuzlu “Liberty” jurnalında “Xocalı soyqırımı” sərlövhəli məqalə dərc edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə Xocalıda baş vermiş hadisələrin bəşəriyyət tarixinin ən dəhşətli səhifələrindən biri olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu soyqırımı nəticəsində uşaqlar və ahıllar daxil olmaqla, yüzlərlə insan xüsusi amansızlıqla öldürülmüşdür.
Jurnalda Xocalı soyqırımının təfsilatlarından yazılmış, “Memorial” insan hüquqları mərkəzinin, “Financial Times”, “Le Monde”, “Valer Actuel”, “İzvestiya” nəşrlərində dəhşətli hadisədən bəhs etmiş yazılardan sitatlar gətirilmişdir. Məqalədə dinc əhalinin öldürülməsində fəal iştirak etmiş 366-cı motoatıcı alayın zabiti Seyran Ohanyanın hazırda Ermənistanın müdafiə naziri olduğu qeyd edilmişdir.
Yazıda ermənilərin Dağlıq Qarabağda məskunlaşma tarixinə ekskurs edilmiş, 1905-1907-ci, 1948-1953-cü illərdə baş vermiş hadisələrdən məlumatlar verilmişdir. Bundan əlavə, məqalədə 1918-ci ilin mart hadisələrinə xüsusi yer ayrılmış, daşnak və bolşeviklər tərəfindən Bakı, Şamaxı, Quba, Xaçmaz, Zəngəzur, İrəvan və Azərbaycanın digər bölgələrində törədilmiş etnik təmizləmə siyasətindən söz açılmışdır. Bu hadisələr zamanı 50 minədək dinc insanın həlak olduğu, yüzlərlə yaşayış məntəqəsinin yer üzündən silindiyi bildirilmişdir. Jurnalda Qubada kütləvi məzarlığın aşkar edilməsi və aparılmış tədqiqatlar nəticəsində onun 1918 ilin martında baş verdiyi sübuta yetirilməsi faktı da oxucuların diqqətinə çatdırılmışdır.
Müəllif qeyd etmişdir ki, XX əsrin əvvəlində törədilmiş vəhşiliklərin cəzasız qaldığını görən erməni millətçiləri 1988-ci ildən başlayaraq yenidən öz məkrli planlarını həyata keçirməyə başlamışlar. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon ermənilər tərəfindən işğal olunmuşdur. Bu işğal nəticəsində 20 mindən çox azərbaycanlı öldürülmüş, bir milyon insan isə öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Jurnalda vurğulanmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmiş, lakin onlar hələ də icra olunmamışdır.