PAN Gİ MUN:17 MİN HEYVAN VƏ BİTKİ NÖVÜNÜN NƏSLİ VƏ KÖKÜ KƏSİLMƏK ÜZRƏDİR
Bakı, 23 sentyabr (AZƏRTAC). Nyu-Yorkda, BMT iqamətgahında Beynəlxalq Bioloji Müxtəliflik İlinə həsr olunmuş müşavirə işə başlamışdır.
BMT-nin Baş katibi Pan Gi Mun çıxışında müşavirə iştirakçılarının diqqətini heyvan, bitki və digər canlı formaların müxtəlifliyinin itirilməsi sürətinin misli görünməmiş artması məsələlərinə cəlb etmiş, planetimizin zəif ekosistemlərinin bərpasına və dəstəklənməsinə yönəlmiş tədbirlər paketi hazırlamağa çağırmışdır.
Hazırda qurbağadan və qorilladan tutmuş ən xırda həşəratadək 17 min heyvan və bitki növünün nəsli və kökü kəsilmək üzrədir. İnsan fəaliyyəti ilə bağlı olan belə vəziyyət su ehtiyatlarının çirklənməsinə və tükənməsinə, ətraf mühitin pisləşməsinə, iqlim dəyişmələrinə gətirib çıxarır.
Ekosistemlərin bəşəriyyətin təbii kapitalı olduğunu vurğulayan BMT-nin başçısı yaranmış vəziyyətə son qoymağa çağırmışdır. Pan Gi Mun əlavə etmişdir ki, təbii ehtiyatların tükənməsindən ilk növbədə əhalinin yoxsul təbəqəsi və inkişafda olan ölkələr ziyan çəkirlər.
2002-ci ildə Yohannesburqda sabit inkişaf üzrə dünya sammitində dövlət başçıları biomüxtəlifliyin itirilməsi sürətini 2010-cu ilədək xeyli azaltmaq barədə razılığa gəlmişdilər. Vədə gəlib çatsa da, təbii ehtiyatların vəziyyətinin pisləşməsi sürəti azalmamışdır. BMT Baş Məclisi diqqəti yenidən həmin problemə cəlb etmək üçün 2010-cu ili Beynəlxalq Bioloji Müxtəliflik İli elan etmişdir.