Pandemiyanın təsirlərinin minimallaşdırılması Azərbaycan dövləti üçün prioritet hədəflərdəndir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanda pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün əməli addımlar atılır. Pandemiyanın təsirlərinin minimallaşdırılması, xüsusilə də xəstəliyin vətəndaşların sağlamlığına təsirlərinin azaldılması, iqtisadi məsələlərin mərhələli şəkildə həlli Azərbaycan dövləti üçün prioritet hədəflərdəndir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat diqqətə çatdırıb ki, həm rəsmi statistika, həm də pandemiyanın təsirlərinin minimallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər ötən müddətdə Azərbaycanın praktiki olaraq pandemiya ilə əlaqədar qarşıya qoyulan hədəflərə çata bildiyini göstərir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlət siyasəti birbaşa olaraq vətəndaşların sağlamlığının qorunmasına yönəldilib.
Pandemiya şəraitində təbii olaraq iqtisadi çətinliklərin də yaşandığını diqqətə çatdıran V.Bayramov deyib: “Vəziyyətlə əlaqədar olaraq 11 iqtisadi sahədən 9-da durğunluq müşahidə edilir. Real sektora da təsirlər az deyil. Amma buna baxmayaraq, ölkəmiz pandemiyanın iqtisadi sahəyə təsirlərinin minimallaşdırılması ilə bağlı əməli tədbirlər həyata keçirir. Məsələn, bu ilin 7 ayında ölkədə iqtisadi azalma 2,8 faiz azalıb. Rusiyada isə bu rəqəm 8,5 faiz təşkil edir. Bu ilin ikinci yarısında Böyük Britaniyada iqtisadiyyat 24 faiz geriləyib və bu, son 10 ildə ilk belə hadisədir. Avropanın bir sıra digər ölkələrində iqtisadiyyatda geriləmə iki rəqəmli həddədir. ABŞ-da isə bu rəqəm 20 faiz təşkil edir. Müqayisələr onu deməyə imkan verir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycanda pandemiyanın təsirlərinin minimallaşdırılması mümkün olub”.
Deputat vurğulayıb ki, pandemiya şəraitində mövcud iqtisadi azalma məqbul hesab olunur. İqtisadi azalmanın optimallaşdırılması post-pandemiya dövründə yenidən iqtisadi aktivlər əldə edilməsinə yönəldilib. Növbəti aylarda da vətəndaşların sağlamlığının prioritet olması kontekstində pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi siyasəti davam etdiriləcək. Məqsəd ondan ibarətdir ki, post-pandemiya dövründə real sektorda aktivliyi çox qısa zamanda bərpa etmək mümkün olsun. Bir sözlə, vətəndaşların rifahı və sağlamlığı dövlət üçün əsas məsələdir.