PARİSDƏ VERGİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Sentyabrın 17-20-də Parisdə, Qarşılıqlı Əməkdaşlıq və İnkişaf Təşkilatının (QƏİT) binasında YII qlobal forum keçirilmişdir. Forumda dünyanın 120 ölkəsindən 250 nümayəndə iştirak etmişdir. QƏİT-nin toplantılarında daim iştirak edən Rusiyadan savayı, tədbirə MDB ölkələrindən yalnız Azərbaycan dəvət olunmuşdu. Respublika Vergilər Nazirliyinin idarə rəisi İlqar Əkbərli və Maliyyə Nazirliyinin idarə rəisinin müavini Rafiq İsmayılov ölkəmizi təmsil etmişlər.
Forumda qloballaşma prosesində vergi məsələlərində birgə əməkdaşlıq, informasiya mübadiləsi, vergi orqanları arasında əlaqələrin qurulması və bunun inkişaf perspektivləri barədə geniş müzakirələr aparılmışdır.
Azərbaycan nümayəndələri təşkilatın rəhbərliyi ilə apardıqları söhbətlərdə Ermənistan-Azərbaycan münaqişəsi və onun respublikamız üçün ağır nəticələri, ölkəmizdə həyata keçirilən məqsədyönlü islahatlıar, vergi siyasəti haqqında məlumat vermişlər.
QƏİT-in rəhbərliyi ölkəmizin vergi siyasətinə xüsusi maraq göstərmişdir. Gələcəkdə vergi məsələləri sahəsində ölkəmizin regional mərkəzə çevrilməsi, vergi siyasəti ilə bağlı Bakıda müxtəlif tədbirlər keçirilməsi, təşkilatın bir qrup nümayəndəsinin Azərbaycana səfəri barədə razılıq əldə edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris