Parisdə Xocalı faciəsi ilə bağlı aksiya keçirilmişdir
Paris, 25 fevral (AZƏRTAC). Fransada fəaliyyət göstərən Azərbaycan Evi Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Parisin məşhur Monmart təpəsi yaxınlığındakı meydanda aksiya keçirmişdir.
Meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni qəddarlığını pisləyən plakatlar tutmuş, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri pisləyən şüarlar səsləndirmişlər.
Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxumuşdur.
Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 336-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edən erməni silahlı birləşmələrinin dinc əhaliyə vəhşicəsinə divan tutması, çoxlu sayda qadın, uşaq və ahıl insanı qətlə yetirdikləri, minlərlə azərbaycanlının əsir götürüldüyü, “Humun Rights Watch” insan haqları üzrə beynəlxalq təşkilatın bu faciəni ən böyük soyqırımı adlandırdığı öz əksini tapmışdır.
Aksiya zamanı parislilərə və qonaqlara Xocalı soyqırımından bəhs edən broşürlar və vərəqələr paylanmış, o müdhiş gecədə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən uşaqların adları yazılan şarlar havaya buraxılmışdır.
İki saat davam edən aksiya sakit şəraitdə başa çatmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris