PARLAMENT “SEÇKİ MƏCƏLLƏSİ”NİN MÜZAKİRƏSİNİ DAVAM ETDİRMİŞDİR
Milli Məclisin aprelin 3-də keçirilən iclasında “Seçki Məcəlləsi” layihəsinin müzakirəsi davam etdirilmişdir.
Spiker Murtuz Ələsgərov demişdir ki, “Seçki Məcəlləsi” AŞPA-nın diqqət mərkəzindədir və layihə obyektiv müzakirə edilərək tezliklə qəbul olunmalıdır.
Sonra sənədin müzakirəsi başlanmışdır. Əksər deputatlar məcəllənin layihəsində seçki komissiyalarının təşkili zamanı bitərəflərin nümayəndələrinin parlamentdə çoxluq və azlıq təşkil edən partiyalarla razılaşdırılmasına, seçki komissiyalarının üzvlərinə daimi əmək haqlarının verilməsinə, namizədlərin depozit hesablarının təşkilinə, yerli müşahidəçilərlə xarici müşahidəçilərin hüquqları arasında fərqə, seçki komissiyalarında qərarların üçdə iki səs çoxluğu və açıq səsvermə ilə qəbul olunmasına, müşahidəçilərə xüsusi sənədlərin verilməsinə öz etirazlarını bildirmişlər.
Parlamentin sədri demişdir ki, 4 günlük müzakirələr zamanı 94 nəfər çıxış etmiş, 100-dən çox təklif səslənmişdir.
Təkliflərə Prezidentin İcra Aparatı qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev münasibət bildirmişdir.
Şahin Əliyev demişdir ki, məcəllədə bitərəflərin MSK-yə təklif etdikləri nümayəndələrdən 2 nəfərinin razılaşdırılma əsasında seçilmələrinə etiraz etmək onların hüququdur və o, bunu obyektiv qiymətləndirir. Amma məcəllədə bununla yanaşı, digər ehtiyat variantlar da nəzərdə tutulmuşdur. 2002-ci ilin parlament seçkiləri zamanı bitərəflərin 2 nümayəndəsinin razılaşdırıla bilməməsi MSK-nın formalaşmasında problemlər yaratmışdır. Problemi həll etmək üçün parlament fövqəladə iclas keçirərək qanuna dəyişiklik etməli olmuşdur. Yeni ehtiyat variantlardan biri də MSK-nın təşkilində problemlər yarandığı halda Ali Məhkəmənin xüsusi qərarla yeni qayda tətbiq etməsidir.
Seçki komissiyalarında üçdə iki səs çoxluğunun sadə səs çoxluğu, açıq səs vermənin isə gizli səsvermə ilə əvəzlənməsi düzgün olmazdı. Çünki, ATƏT və digər təşkilatların təklifi ilə məcəlləyə daxil edilmiş “üçdə iki” və “açıq səs vermə” variantı səsvermə zamanı hər hansı bir qanun pozuntusunun qarşısını almağa və aşkarlığın təmin olunmasına xidmət edəcəkdir.
Depozitlərə gəldikdə isə Ş.Əliyev demişdir ki, bu qayda bir növ seçilmək istəyən şəxslərə maliyyə sanksiyası kimi nəzərdə tutulub. Belə ki, namizəd bu səbəbdən saxta imza toplamaqda maraqlı olmayacaq, əks halda onun vəsaiti MSK tərəfindən müsadirə ediləcəkdir. Seçki komissiyalarının bütün üzvlərinə əmək haqlarının nəzərdə tutulması isə dövlətçilik baxımından məqbuldur. Seçkisiz dövlət yoxdur və normal seçkilər keçirmək üçün peşəkar seçki komissiyaları olmalıdır. Digər tərəfdən də dövlət büdcəsi 1 milyard avroya yaxın olan ölkə üçün, işin mahiyyəti nəzərə alınmaqla, 10-12 milyon avro xərcləmək o qədər də çox deyildir.
Sonda M.Ələsgərov demişdir ki, 2-ci bölmə üzrə əlavə təkliflər olmasa, aprelin 4-də keçiriləcək iclasda 3-cü bölmənin müzakirəsinə başlanılacaqdır.