İQTİSADİYYAT
“PAŞA Holding” şəhid övladlarını 2024-cü ildə də sığortalayır

Bakı, 28 dekabr, AZƏRTAC
2023-cü ildə “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” təşəbbüsü çərçivəsində Vətən müharibəsi və müharibədən sonrakı təxribatlar zamanı şəhid olan şəxslərin 18 yaşadək övladları holdinqin törəmə şirkəti olan “PAŞA Sığorta” tərəfindən sığortalanıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, sözügedən sığorta xidməti 2024-cü il üçün uzadılıb.
Qeyd edək ki, 2023-cü ildə cari sığorta üzrə “PAŞA Sığorta”ya şəhid ailələri tərəfindən ambulator, stomatologiya, aptek xidmətləri, stasionar xidmətlər, təcili yardım xidmətləri, pediatriya, nevrologiya, LOR, oftalmologiya, eləcə də travmatologiya istiqamətləri üzrə müraciətlər daxil olub. Bundan əlavə, əksəriyyəti Gəncə şəhərindən olmaqla, bölgələrdən də müraciət edənlər olub.
Xatırladaq ki, “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində təqdim olunan sığorta paketi 44 günlük Vətən müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin ümumilikdə 1700-ə yaxın övladını əhatə edir. Cari sığorta paketi genişləndirilmiş paketdir və stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini də nəzərdə tutur ki, bu da bir çox şirkətlərdə rəhbər şəxslər üçün nəzərdə tutulan imtiyazlara bərabərdir.