Pasxa günlərində Slovakiyada ölkədaxili hərəkət məhdudlaşdırılacaq
Bratislava, 8 aprel, AZƏRTAC
Slovakiya hökuməti Pasxa bayramı ilə əlaqədar ölkədaxili sərbəst hərəkəti daha da məhdudlaşdırıb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir İqor Matoviçin rəhbərlik etdiyi hökumət koronavirus pandemiyası ilə qəbul olunmuş hərəkət məhdudiyyətini aprelin 8-dən 13-dək daha da sərtləşdirib. Hökumətin qərarında qeyd edilir ki, əlavə məhdudiyyətin məqsədi ölkədə “xalqlar köçünün” qarşısını almaqdır. Belə ki, ölkənin iqtisadi cəhətdən inkişaf etmiş qərb regionlarında çalışan minlərlə gənc Pasxa bayramı günlərində şərqdə yaşayan qohumlarını ziyarət edirlər. Əhalisinin əksəriyyətinin katolik olduğu Slovakiyada Pasxa ilin ən mühüm dini bayramıdır.
Qeyd edilən müddət ərzində yalnız işə getmək, ərzaq və dərman almaq, qısamüddətli gəzintiyə çıxmaq və xəstəxanaya getmək üçün evi tərk etməyə icazə veriləcək. Hökumətin qərarının icrasını minlərlə polis və silahlı qüvvələrin əsgərləri təmin edəcəklər.
Xatırladaq ki, Slovakiyada koronavirus infeksiyasına yoluxanların sayı 534 nəfərdir. Bu ölkədə qonşu dövlətlərlə müqayisədə infeksiya daşıyıcılarının sayının az olması vaxtında sərhədlərin bağlanması və sərt tədbirlərin görülməsi ilə izah olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava