CƏMİYYƏT
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakı, 2 mart, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydasını pozan “VAZ 2106” markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi versələr də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Əsgərov Rəşad Fuad oğlu saxlanılıb.
Sənədləri yoxlanılan zaman onun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.