Paytaxt sakininin mənzilindən 70 min dollar pul oğurlayan şəxslər saxlanılıb VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Namazov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumat əldə etdiyi müəyyənləşib. Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və hərəkətləri davam etdirilir.