Pekin “Fukusima-1” AES-də toplanmış çirkab suyun okeana axıdılması qərarından narahatdır
Pekin, 13 aprel, AZƏRTAC
Rəsmi Pekin Yaponiya hökumətinin qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasında (AES) reaktorları soyutmaq üçün istifadə edilmiş suyun okeana axıdılması barədə qərarından dərin narahatdır.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi (XİN) məsələyə dair bəyanat yayaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) hesabatına istinad edərək, tritiumla çirklənmiş suyun okeana axıdılmasının okeanın, eləcə də qonşu ölkələrin ətraf mühitinə, ərzaq və insan təhlükəsizliyinə mənfi təsirinin ola biləcəyini bildirib.
Çin XİN toplanmış suyun okeana axıdılmadan əvvəl radioaktiv maddələrdən daha çox təmizlənməsinin vacibliyini vurğulayıb.
Pekin Yaponiyanı məsuliyyətini dərk etməyə, beynəlxalq öhdəliklərini yerinə yetirməyə, dünya ictimaiyyətinin, qonşu ölkələrin və öz vətəndaşlarının məsələ ilə bağlı narahatlığını anlamağa çağırıb.
Qeyd edək ki, aprelin 13-də Yaponiya Nazirlər Kabinetinin Baş nazir Yoşihide Suqanın sədrliyi ilə keçirilən iclasında “Fukusima-1” AES-də reaktorları soyutmaq üçün istifadə edilmiş 1,25 milyon ton suyun okeana axıdılması barədə qərar qəbul edilib. Xüsusi çənlərdə toplanmış suyun okeana axıdılmasına 2023-cü ildə başlanılacaq. Yaponiya hökuməti qarşıdakı iki il ərzində AES-də toplanmış çirkab suyun tərkibindəki radioaktiv maddələrdən beynəlxalq standartlara uyğun olaraq təmizlənərək dünya okeanına ziyan vurmayacağını açıqlasa da, bəzi ekspertlər texniki cəhətdən tritiumun suyun tərkibindən təmizlənməsinin mümkün olmadığını qeyd edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin