PENİTENSİAR SAHƏDƏ İSLAHATLARA BEYNƏLXALQ MARAQ ARTIR
Avropa Şurası və Avropa Komissiyasının Azərbaycanın penitensiar sistemində islahatların aparılmasına dair birgə layihəsinin həyata keçirilməsi belə əməkdaşlığın əyani nümunəsidir.
Ədliyyə naziri Fikrət Məmmədovun Avropa Şurasının Hüquqi Məsələlər üzrə Baş Direktorluğunun proqram məsləhətçisi Roman Huna ilə görüşündə həmin layihənin yerinə yetirilməsi gedişi müzakirə olunmuşdur.
Penitensiar sahədə islahatların gücləndirilməsinə, idarəçilik üsullarının təkmilləşdirilməsinə, əməkdaşların tədrisinə və məhkumların reabilitasiyasına yardım məqsədi daşıyan layihə çərçivəsində görülən işlərə toxunan Roman Huna yaradılmış zəruri şəraitə və səmərəli əməkdaşlığa görə nazirliyin rəhbərliyinə, baş idarənin kollektivinə təşəkkürünü bildirmiş, ölkəmizin məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatların əhəmiyyətini vurğulamışdır.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən son dövrdə penitensiar sistemdə mövcud olan ciddi nöqsanların aradan qaldırılması üzrə həyata keçirilən əsaslı tədbirlərdən danışan nazir F.Məmmədov, qanunçuluğun təmin olunması, islah prosesinin düzgün təşkili, məhkumların hüquqlarının müdafiəsi istiqamətində görülən işləri qeyd etmişdir. Nazir baş idarədə kadrlarla işin açıq müsabiqə və sağlam meyarlar əsasında yenidən qurulduğunu, nizam-intizamın möhkəmləndirildiyini, məhkumların saxlanma şəraitinin, ərzaq təminatının, onlara göstərilən tibbi xidmətin əsaslı surətdə yaxşılaşdığını diqqətə çatdırmışdır. Söhbətdə penitensiar sistemin fəaliyyətində aşkarlığın genişlənməsi, xarici və yerli qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi, cəzaların icrasına ictimai nəzarətin təmin olunması üçün əlverişli şərait yaradılması xüsusi vurğulanmışdır.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunmuş, layihə çərçivəsində həyata keçirilən tədbirlər və digər konkret məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirdə nazir müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Nazim Ələkbərov iştirak etmişdir.