Penitensiar Xidmətdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Penitensiar Xidmətdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının Xocalının dinc sakinlərini - qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirməsindən, faciənin səbəb və nəticələrindən ətraflı danışmışdır.
Bildirilmişdir ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olmaqla yanaşı, həm də bütün insanlığın əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayət aksiyasıdır.
Mədət Quliyev vurğulamışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olmuşdur.
Natiq çıxışında Prezident İlham Əliyevin inamla həyata keçirdiyi uğurlu siyasətin Azərbaycanın milli maraqlarına xidmət etdiyini bildirmişdir. O demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verən dövlətimizin başçısı, lazım gələrsə bütün vasitələrdən istifadə olunacağını, ərazi bütövlüyümüzün mütləq bərpa ediləcəyini, Azərbaycanın öz ədalətli mövqeyindən heç bir vaxt geri çəkilməyəcəyini daim qətiyyətlə vurğulayır.
Tədbirin sonunda xidmət əməkdaşları faciənin dəhşətlərini özündə əks etdirən “Xocalı soyqırımı” sənədli filminə baxmışlar.