PENTAQON İRANIN BOMBALANMASINI MƏNASIZ HESAB EDİR
Jurnalistin məlumatına görə, ABŞ və Avropanın kəşfiyyat xidmətləri İran ərazisində nüvə silahı yaradılması sahəsində işlər aparıldığı güman edilən məxfi zavodların yerlərini aşkarlaya bilməmişlər. Mərkəzi Kəşfiyyat İdarəsinin (ABŞ) məlumatına görə, son iki ildə İran hökuməti bir çox “nüvə müəssisələri”ni şəhər zonalarına köçürmüşdür. Beləliklə, bu rayonların bombardman edilməsi mütləq dinc əhali arasında tələfata gətirib çıxaracaqdır.
Herşin məqaləsində deyilir: “ABŞ Müdafiə Nazirliyinin ali rütbəli məmurları da Corc Buşa xəbərdarlıq etmişlər ki, İrana hər hansı hücumun Birləşmiş Ştatlar üçün ciddi iqtisadi, siyasi və hərbi nəticələri olacaqdır”.
Jurnalistin Pentaqondakı mənbəyinin fikrincə, müdafiə naziri Donald Ramsfeld İranın iqtisadiyyat sahəsində və digər sahələrdə imkanlarını lazımınca qiymətləndirmir. Məsələn, İrana qarşı hərbi təcavüz neft satışı ilə bağlı böhrana, habelə islam dünyasında və Avropada ABŞ barəsində mənfi reaksiya yaranmasına gətirib çıxaracaqdır.
Xatırladaq ki, İraqın Əbu-Qreyb həbsxanasında məhbusların təhqirlərə məruz qaldıqları Seymur Herşin sayəsində məlum olmuşdur. Bundan başqa, İranın nüvə obyektlərinə Pentaqonun qabaqlayıcı zərbə endirməyə hazırlaşdığı barədə məqaləni də apreldə elə həmin “Nyu-Yorker” jurnalında məhz Herş dərc etdirmişdi.