Poliqrafçı alim ömrünün acılı-şirinli günləri
Bakı, 15 dekabr, AZƏRTAC
Şəddat Cəfərov harada işləyirsə-işləsin, onun haqqında ancaq müsbət fikirlər eşidirsən. O, 15 yaşından mətbəə işində çalışır. Respublikada bu sahədə ilk və yeganə alimdir. Lakin bununla heç vaxt öyünmür, çox təvazökar insandır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yazıçı Fatma Həsənqızının “Acılı-şirinli günlər” bədii-biblioqrafik əsərində yer alıb. Kitabda Şəddat Cəfərovun uşaqlıq illərindən başlayaraq 1993-cü ilə qədər olan həyat və əmək fəaliyyətinə nəzər salınıb. Müəllifin hələ 1994-cü ildə kiril qrafikasında “Acılı-şirinli günlər” kitabının nəşrindən sonra respublikanın mətbu orqanlarında çoxsaylı yazılar dərc edilib, əsərin təkcə poliqrafçılar üçün deyil, gənc nəslin nümayəndələri üçün də dəyərli olduğu dönə-dönə vurğulanıb. Buna görə də respublikanın ilk və yeganə poliqrafçı alimi Şəddat Cəfərov haqqında kitabın bu gün latın qrafikasında təkrar nəşrinə ehtiyac yaranıb.
“Salnaməyə layiq şəxsiyyət və ya ikinci nəşrə ön söz əvəzi” adlı hissədə Mərhəmət Abiyev yazır ki, Şəddat Cəfərovun leksikonunda bəlkə də “başqası”, “yad”, “kənar adam” sözləri yoxdur. O, istər dostu-yaxını, istərsə də tanımadığı təsadüfi adam olsun, fərqinə varmır, köməyə ehtiyacı olan üçün əlindən gələni əsirgəmir. Onun üçün bəlkə də linotip maşınının çaqqıltısından, çap maşınının ahəngdar səsindən həzin “melodiya” yoxdur.
İki kitabdan ibarət bu nəşrdə orta məktəb partasından birbaşa poliqrafiya aləminə qədəm qoyan, yuxusuz gecələri, zəngin elmi mütaliəsi hesabına müstəqil olaraq rəngli kilşelər hazırlamağı öyrənməklə həmkarlarını və mətbəə rəhbərliyini heyrətə salan, işə başladığı bir neçə ay ərzində altıncı dərəcəli usta adına layiq görülən, istehsalatdan ayrılmadan ali təhsil alan, Moskvada aspiranturaya qəbul olan və namizədlik dissertasiyası müdafiə edən Şəddat Cəfərovun şərəfli və mənalı həyat yoluna nəzər salınır, elmi axtarışlarından bəhs edilir. Nəşrdə, həmçinin bədii yaradıcılıqla məşğul olan Ş.Cəfərovun hekayələri yer alıb.
“Nurlar” nəşriyyatında nəfis tərtibatla çap edilmiş kitabda Şəddat Cəfərovun ömrünün unudulmaz anlarını əks etdirəm fotolar, layiq görüldüyü təltiflər, fəxri fərman və diplomların fotosurəti də yer alıb.
Birinci kitabın redaktoru Qəşəm İsabəyli və ikinci kitabın redaktoru Sevda Əlibəylidir.
Qeyd edək ki, ən geridə qalmış mətbəələrin inkişafına qısa müddətdə nail olan Şəddat Cəfərov təkcə doğma Azərbaycanda deyil, keçmiş SSRİ-də poliqrafiyanın kamil mütəxəssisi kimi tanınıb. “Ulyanovskaya pravda” nəşriyyatının baş direktoru işləyərkən bir daha öz təcrübəsini təsdiqləyib. Uzaq və yaxın xaricdə diplomatik mədəniyyəti, elitar davranışı, zəngin təcrübəsi, istər poliqrafiya, istər iqtisadiyyat, istərsə də texnika və texnologiya sahəsində dərin biliyi ilə Vətənimizin başını daim uca edib. 20 Yanvar hadisəsindən sonra Bakıya qayıdan Şəddat Cəfərov müxtəlif vəzifələrdə, o cümlədən Dövlət Mətbuat Komitəsi sədrinin köməkçisi, 3 saylı Bakı Kitab Mətbəəsində direktor, “Azərbaycan” nəşriyyatının direktoru, Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, daha sonra “Göytürk” mətbəəsinin direktoru və digər vəzifələrdə çalışıb. Hazırda “3 saylı Bakı Mətbəəsi” ASC-nin direktorudur.