POLİS GÜNÜNƏ HƏSR EDİLMİŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül düzülmüşdür.
Sonra DİN-in şəxsi heyəti Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş mərd mübarizlərin xatirəsini ehtiramla anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Elə həmin gün Bakı Əyləncə Mərkəzində polislərin peşə bayramına həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, polis veteranlarının iştirak etdikləri mərasimi açan daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısı İlham Əliyevin şəxsi heyətə təbrikini və salamlarını çatdırmışdır. Nazir demişdir ki, əsası 1918-ci il iyulun 2-də qoyulmuş Azərbaycan polisi şərəfli yol keçərək böyük təcrübə qazanmış, dövlətin mühüm qurumlarından birinə çevrilmişdir. Səmərəli struktur islahatları aparılır, mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, o cümlədən silahların, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində uğurlu fəaliyyət göstərilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü il iyunun 30-da qəbul edilmiş və uğurla icra olunan “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı cinayətkarlığa qarşı mübarizənin səmərəsinin yüksəldilməsində, polisin müasir texnika və avadanlıqla təchizatının gücləndirilməsində, eləcə də şəxsi heyətin xidmət şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılmasında, bütövlükdə daxili işlər orqanlarında islahatların müvəffəqiyyətlə davam etdirilməsində mühüm rol oynamışdır. Son bir ildə nazirliyin strukturunda Miqrasiya Xidməti, Korrupsiya Cinayətləri üzrə Əməliyyat-Axtarış Tədbirləri İdarəsi, GUAM-ın Virtual Mərkəzi və Dövlətlərarası informasiya-təhlil sistemi, Əli Bayramlı şəhərində, Göyçay və Bərdə rayonlarında Pasport Qeydiyyatı İdarəsinin regional şöbələri yaradılmışdır.
Bildirilmişdir ki, son on ildə qəsdən adamöldürmə, quldurluq, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq kimi xüsusilə ağır cinayətlər törətmiş 12 mindən çox cinayətkarı birləşdirən 1415 cinayətkar dəstə və qrup zərərsizləşdirilmiş, axtarışda olan 56 minə yaxın cinayətkar tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Əllərdə qanunsuz saxlanılan və əksəriyyəti avtomatik olan 33 mindən artıq odlu silah yığılmış və nəticədə silahla törədilən cinayətlərin sayı 10 dəfədən çox azalmışdır. Eyni zamanda, cinayətlərin açılma faizi yüksəlmişdir.
Nazir demişdir ki, Prezident İlham Əliyevin qarşımızda qoyduğu tələb - dövlət strukturlarının qanunçuluğa söykənən əlaqələndirilmiş iş prinsipi bu uğurları şərtləndirən əsas amillərdəndir.
Azərbaycan Prezidentinin son sərəncamları ilə 80 əməkdaşın dövlət mükafatlarına və fəxri adlara, 4 rəhbər vəzifəli əməkdaşın isə ali xüsusi rütbələrə layiq görülməsi, daxili işlər orqanları əməkdaşlarının, mülki işçilərinin, habelə Daxili Qoşun hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşlarının artırılması şəxsi heyətin milli dövlət quruculuğunda xüsusi xidmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirilmişdir.
General-polkovnik Ramil Usubov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevi bir daha əmin etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olan daxili işlər orqanları fəaliyyətini qarşıda qoyulan tələbləri səviyyəsində quracaq, qanunvericiliklə müəyyən edilmiş vəzifələrini əzm və qətiyyətlə yerinə yetirəcək, hər bir vətəndaşın hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanacaqdır.
Mərasim Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.