Polis Zaqatalada karantin rejimi ilə əlaqədar reydləri davam etdirir
Bakı, 15 dekabr, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş və çıxışlarında qurulan karantin postlarında gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Postlarla yanaşı, şəhər daxilində də mobil qruplar tərəfindən yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır. Yaşadıqları ünvanları icazəsiz tərk edənlərə sərtləşdirilmiş karantin rejiminin tələbləri diqqətə çatdırılır və barələrində cərimə protokolu tərtib olunur. Həmçinin reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanuna müvafiq tədbirlər görülür.