Politoloq: ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ikili standartlardan və ədalətsizlikdən xəbər verir
Bakı, 15 dekabr, AZƏRTAC
Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya ədalətsiz, qərəzli qərar olmaqla yanaşı, bu, eyni zamanda, ikili standartlardan və ədalətsizlikdən xəbər verir. Belə olan halda rəsmi Ankaranın birtərəfli sanksiyaları qınaması və rədd etməsi, bu sanksiyaya qarşı lazımi addımları atacağını bəyan etməsi son dərəcə haqlı mövqedir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib: “Əvvəla, unudulmamalıdır ki, Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı bir neçə dəfə NATO və ABŞ-a müraciət etsə də, buna müsbət cavab verilməməsi nəticəsində bu sistemlər Türkiyəyə satılmadı. Əvəzində hava hücumu qurğuları sisteminin qurulması NATO çərçivəsində Hollandiyaya həvalə olundu ki, Hollandiya da bu məsələ ilə bağlı öhdəliklərini yerinə yetirmədi. Bu vəziyyətdə haqlı olaraq Türkiyə müstəqil bir dövlət kimi milli maraqlarını və təhlükəsizlik məsələlərini də əsas götürərək Rusiyadan sözügedən müasir sistemi aldı. Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. Bütün bunlara adekvat cavab verilərək Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib. NATO-ya daxil olan Yunanıstan həmin sistemləri Rusiyadan aldığı halda ona qarşı nə ABŞ, nə də NATO rəhbərliyi tərəfindən hər hansı neqativ münasibət olmadı. Belə qərəzli mövqe altında ABŞ-ın sanksiyaları Türkiyəyə təsir etməyəcək, əksinə, onun daha da güclənməsinə səbəb olacaq.
ABŞ-ın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə tərəfindən özünün yeni qırıcı təyyarələr istehsal etməsinə təkan verdi. Eyni zamanda, ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə dünyanı heyrətə gətirən “Bayraktar” dronlarını hazırladı və istehsala başladı. Bunlarla yanaşı, bu gün böyük iqtisadi və hərbi potensiala malik Türkiyə “Altay” tankları, helikopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Tənəzzül və qeyri-müəyyənlik vəziyyətində olan Fransanın prezidenti Makronun iflic kimi xarakterizə etdiyi NATO Türkiyənin nümunəsində ən böyük dayağını itirir. Bu, hər şeydən öncə NATO-nun özünə ciddi zərbədir. Bütün bu sadalanan reallıqlar fonunda aydın olur ki, müəyyən qüvvələr Türkiyənin dünyada artan nüfuzu və rolundan ciddi narahatlıq keçirirlər.
Belə olan məqamda da Azərbaycanın mövqeyi açıq-aydındır. Azərbaycan və Türkiyə dost-qardaş ölkələrdir. Ölkələrimiz bir-birini dəstəkləyir və hər zaman da bir-birinin yanında olacaq. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. Çünki bu hal ədalətsizlikdən, ikili standartlardan və qanunsuzluqdan xəbər verir”.