Politoloq: Əfv Sərəncamı Azərbaycan Prezidentinin böyük humanizmindən xəbər verir
Bakı, 11 aprel, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev böyük humanistlik göstərərək, koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı 176 məhkumu əfv etdi.
Bu, Prezidentin böyük humanizmindən xəbər verir. Dövlətimizin başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları koronavirus pandemiyasının yayıldığı çətin və təhlükəli məqamda bağışladı, onların ailələrinə sevinc bəxş etdi. Yəqin ki, həmin insanlar bu yaxşılığı, insanpərvərliyi ömür boyu unutmayacaqlar. Prezident İlham Əliyev tərəfindən dəfələrlə belə əfv sərəncamları imzalanıb. Azərbaycan hökumətinin məqsədi qanunun aliliyinin və vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
Politoloq bildirib ki, Azərbaycan dövləti epidemiyanın qarşısının alınması, vətəndaşlarının sağlamlığının qorunması üçün bütün mümkün vasitələrdən və imkanlardan istifadə edir. “Bütün qüvvələr səfərbər edilir, ciddi qaydalar tətbiq olunur. Koronavirus haqda elmi heç bir şey məlum deyil. Dünya alimləri epidemiyanın qarşısının alması üzərində çox çalışırlar. Əgər əvvəllər xəstəliyin inkubasiya dövrünün müddəti 14 gün göstərildisə, indi bunun 28 gün olduğu ortaya çıxıb. Bu da vəziyyəti daha çətinləşdirir. Digər tərəfdən, əvvəllər uşaqların bu virusa yoluxmadıqları deyilirdisə, hazırda bunun əksi müşahidə olunur”.
Dövlətimiz tərəfindən qəbul edilən qərarların, karantin rejimin gücləndirilməsinin təhlükənin böyüməsinin qarşısının almaq, həmçinin vətəndaşların qeydinə qalmaq üçün olduğunu bildirən Politoloq deyib: “Son təcrübələr göstərir ki, ən qabaqcıl və güclü inkişaf etmiş ölkələrin səhiyyəsi belə bu xəstəliyin qarşısında aciz qalıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədrinin də dediyi kimi, dünyanın heç bir ölkəsi pandemiyaya hazır olmayıb”.
İ.Vəlizadə diqqətə çatdırıb ki, Azərbaycan dövləti vaxtında düzgün addımlar atıb. Martın əvvəlində sərhədlər, gediş-gəliş bağlanıb, bütün təhsil müəssisələrində tədris dayandırılıb. Martın 14-də ölkədə karantin elan edilib. Aprelin 5-dən isə ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. Bütün bunlar qabaqlayıcı tədbirlərdir. Bu çətin vəziyyətdən daha az itki və zərər ilə çıxa bilmək üçün dövlətimiz bütün mümkün vasitələrdən və imkanlardan istifadə edir. Bu məsələdə vətəndaşların da dəstəyi çox vacibdir. Bildirilib ki, bir çox ölkələrin rəhbərləri, o cümlədən ABŞ Prezidenti Donal Tramp, Böyük Britaniyanın Baş Naziri Boris Conson xəstəliyin ilk mərhələsində təcridolunma məsələsi ilə bağlı vətəndaşların sərbəst qərar verəcəklərini demişdilər. İndi o ölkələrdə nəticə göz qabağındadır. Sərt addımlar atılmadığı və karantin rejimi tətbiq olunmadığı üçün insanlar küçələrdə həyatlarını itirirlər.
Azərbaycan hökumətinin karantin rejiminə daha çox üstünlük verdiyini deyən politoloq qeyd edib: “Çünki bu, mövcud təhlükəli vəziyyətdən qorunmağın ən optimal variantıdır. Bəzi üzdəniraqlar populist çıxışlar edir, karantin rejimin tətbiq olunmasına siyasi don geydirir, bundan dövlətçiliyə qarşı istifadə edirlər. Belələri naqis və Azərbaycanı sevməyən insanlardır.
“Pandemiya sərhəd tanımır, nə siyasi partiya, nə cərəyan, nə iqtidar, nə müxalifət bilir. Bu, bütün planetin bəlasıdır. Cəmiyyət, vətəndaşlarımız bir olmalı, dövlətə, tətbiq olunan qaydalara riayət etməlidirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etmək lazımdır. Bu, hər birimizin rifahı, Azərbaycan xalqının xoşbəxt gələcəyi, sağlamlığı üçündür.
Virusun mənbəyi olan Çinin Uxan şəhəri indi öz əvvəlki, adi həyatına qayıdıb. Bizdə də, bütün dünyada da belə olacaq. “Hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyirlər. Sadəcə, tələblərə, qaydalara riayət etmək, səbirli, təmkinli olmaq lazımdır”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.