Politoloq: Makron Ermənistanın işğalçılıq siyasətindən diqqəti yayındırmağa çalışır
Bakı, 18 fevral, AZƏRTAC
Emmanuel Makronun prezidentliyi dövründə Fransanın Cənubi Qafqaz siyasətində müşahidə edilən qərəzli mövqeyi və aqressiv anti-Azərbaycan ritorikası artıq ənənəvi hal alıb. Çünki Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni geosiyasi reallıqları dəyişmək iqtidarında olmadığını yaxşı başa düşən Makron bütün mümkün imkanlardan istifadə edərək Ermənistanın işğalçılıq siyasətindən diqqəti yayındırmağa çalışır.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.
O bildirib ki, Münxen Təhlükəsizlik Konfransı zamanı Cənubi Qafqazda (daha dəqiq ifadə etsək, Azərbaycan-Ermənistan sərhədində) baş verən hadisələri Ukraynanın işğalı və ya Yaxın Şərqdəki qarşıdurmalarla eyniləşdirərək Rusiyanın imperialist siyasəti fonunda Ermənistanı “günahsızlaşdırmaq” cəhdləri də məhz bu məqsədə xidmət edir.
A.Qurbanovanın sözlərinə görə, bir tərəfdən Rusiyanı Ukraynanın işğalında günahlandırıb, digər tərəfdən otuz ilə yaxın bir dövrdə bütün dünya dövlətlərinin və eləcə də, Fransanın Azərbaycanın suveren ərazisi olaraq tanıdığı torpaqlarını işğal altında saxlayan və hələ də eyni işğalçı ideologiyasının daşıyıcısı olan Ermənistanın baş naziri Nikol Paşinyana həmrəylik mesajı verməklə Makron hansı ədalət anlayışına və ya beynəlxalq hüquqi nizama uyğun gələn mövqe nümayiş etdirir?! Əgər Fransanın məqsədi həqiqətən də regionda və ümumilikdə bütün dünyada sülh və sabitliyə nail olmaqdırsa, Praqa görüşü çərçivəsində əldə olunan razılığa bəs niyə əməl edilmir. Demokratik dəyərlərə vurğu edən Fransa Prezidenti eyni dəyərlərdən çıxış edərək Əlcəzairin suverenliyinə hörmətlə yanaşmalıdır axı.
“Fransa Prezidentinin məqsədi nə ədalətin, nə də sülh və sabitliyin təmin olunması deyil. Cənubi Qafqazın, xüsusilə də Azərbaycan Respublikasının yeni formalaşan dünya nizamında artan geostrateji önəmini nəzərə aldıqda, Makronun qərəzli yanaşmalarının arxasında dayanan məkrli məqsədlər daha aydın olur. Amma Fransanın və ya “erməniçilik” ideologiyasının daşıyıcısı olan istənilən dövlətin mövqeyindən asılı olmayaraq, artıq Cənubi Qafqazda Azərbaycanın maraqlarına zidd heç bir addım atıla bilməz. Ona görə də, Makronun bu qeyri-konstruktiv ritorikası Azərbaycan-Fransa münasibətlərinə zərbə vurmaqdan başqa heç bir nəticə verməyəcək”, - deyə Aytən Qurbanova qeyd edib.