POLŞA RESPUBLİKASININ MÜSTƏQİLLİK GÜNÜ ŞƏRƏFİNƏ
Azərbaycan Respublikasının və Polşa Respublikasının dövlət himnləri səsləndi.
Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski qəbulda çıxış edərək dedi ki, Azərbaycan Respublikası bizim üçün mühüm dost ölkədir. Mən qarşılıqlı münasibətlərimizi çox yüksək qiymətləndirirəm. Bu il Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə - mart ayında rəsmi səfərlə, may ayında isə Avropa Şurasının forumunda iştirak etmək üçün Polşaya gəlmişdir. Polşa Prezidenti Aleksandr Kvasnevski vurğulayırdı ki, Polşa ilə Azərbaycanın qarşılıqlı münasibətləri həmişə yüksək səviyyədə olmuşdur. Əminəm ki, bu yüksək səviyyəli münasibətlər inkişaf etdiriləcəkdir. Polşa NATO-nun və Avropa Birliyinin üzvüdür və Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyir. Biz Azərbaycanın demokratik dövlət quruculuğu işindəki səylərini və hər bir vətəndaşın ölkənin ictimai və siyasi həyatında iştirakını layiqincə qiymətləndiririk. Ölkənizin iqtisadi nailiyyətləri bizi sevindirir. Azərbaycana uğurlar arzulayıram.
Səfir bildirdi ki, xalqlarımızı çox məqamlar birləşdirir. Bakı küçələrindəki bir çox gözəl binalar Polşa arxitektorlarının layihələri əsasında ötən əsrin əvvəllərində tikilmişdir. Bu gün biz Azərbaycanın neft sənayesinin inkişafında böyük xidmətləri olan Polşa mühəndisi Pavel Pototskinin məzarı üstündə memorialın açılışında olduq. Biz fürsətdən istifadə edərək, məşhur həmvətənlərimizin xatirəsini anırıq. Sizin ölkənizdə Polşaya və polyaklara olan mehriban münasibəti yüksək qiymətləndiririk.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Polşa Respublikasının Müstəqillik günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini, Polşa xalqına xoşbəxtlik və firavanlıq arzularını çatdırdı. O dedi ki, Polşa ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılmışdır. Polşa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Biz Avropa Birliyinin üzvü olan Polşa ilə münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bizim əlaqələrimiz həmişə sıx olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 1997-ci ildə Polşada rəsmi səfərdə olmuş, Polşa Prezidenti Aleksandr Kvasnevski 1999-cu ildə ölkəmizə gəlmişdir. Prezident İlham Əliyev isə 2004 və 2005-ci illərdə Polşada olmuşdur. Bütün bunlar ölkələrimizin əlaqələrinin sürətlə inkişaf etdiyinə sübutdur. Polşa ilə ölkəmizin mövqeləri bir çox məqamlarda üst-üstə düşür, biz bir sıra beynəlxalq qurumlarda sıx əməkdaşlıq edirik.