Polşada istehlakçı hüquqlarının müdafiəsi sahəsində süni intellektin tətbiqi müzakirə olunub


Bakı, 10 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Polşada İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) təşkilatçılığı ilə keçirilən “İstehlakçıların səmərəli seçimlərinin təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın təşviq edilməsi, istehlakçıların müdafiəsi sahəsindəki problemlərə diqqətin ayrılması və innovativ həllərin tətbiq olunmasıdır. Beynəlxalq konfransa ölkəmizlə yanaşı, Almaniya, Niderland, Belçika, Latviya, Norveç, Birləşmiş Krallıq, Portuqaliya, Koreya, Avstraliya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərin müvafiq qurumlarının nümayəndələri qatılıb.
Konfransda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov təqdimatla çıxış edərək qurumun tarixi və fəaliyyət istiqamətləri, ölkəmizdə istehlakçı hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Konfransda, həmçinin istehlakçı seçimlərinə təsir edən sahibkar davranışları, istehlakçı hüquqlarının müdafiəsi sahəsində süni intellektin tətbiqi, yaşayış xərclərində qlobal artım tendensiyası zamanı istehlakçı hüquqlarının qorunması mövzularında panellər təşkil olunub, rəqəmsal bazarlarda istehlakçıların müdafiəsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə üzvdür və təşkilatda İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunur. Cari ildən Azərbaycan ICPEN Məsləhət Qrupuna üzv seçilib. 2023-2024-cü illərdə fəaliyyət göstərəcək ICPEN Məsləhət Qrupuna hazırda Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi sədrlik edir.