“Polymedia” şirkəti “BakuTel-2014” sərgisində ən müasir layihələrini təqdim edib
Bakı, 3 dekabr, Laçın Sultanova, AZƏRTAC
“BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Rusiyanın informasiyanın vizuallaşması sahəsində aparıcı sistem inteqratoru olan “Polymedia” şirkəti təqdim olunub.
“Polymedia” şirkətinin stendində müasir avadanlıq və inteqrasiya həllərinin elementləri təqdim olunub. Şirkət bunlardan kompleks innovasiya qərarlarının tərkib hissəsi kimi geniş istifadə edir. Biz burada tikişsiz LCD modullardan ibarət videodivar - böyük informasiya tutumu olan kollektiv istifadə ekranı görürük. Burada informasiyanın paylanması “Polymedia” şirkətinin unikal layihəsi olan Polywall proqram-aparat kompleksinin köməyi ilə idarə olunur. Belə həll monitorinq, dispetçer və situasiya mərkəzlərinin qurulması zamanı geniş tətbiq olunur.
Sərgidə şirkətin daha bir unikal layihəsi - interaktiv çoxfunksiyalı Flipbox kompleksi təqdim olunub. Bu kompleks danışma otaqlarının, rəhbər işçilərin kabinetlərinin, tədris mərkəzlərinin təchizatı üçün nəzərdə tutulub.
Multitouch rejimində işləyən interaktiv masa da sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Bu masa informasiyanı vizuallaşdırmağa və qeyri-məhdud sayda istifadəçinin eyni zamanda interfeys ilə qarşılıqlı fəaliyyət göstərməsinə imkan verir. Həmin masada kontent ilə həm də üzərinə xüsusi nişanlar yapışdırılmış fiziki obyektlərin köməyi ilə qarşılıqlı fəaliyyət göstərmək olar.
Şirkətin baş direktoru Yelena Novikova reallıq əlavə edilmiş installyasiya nümayiş etdirir. Stenddə nümayiş etdirilən neft platformasının maketinə planşet kompyuterin kamerasından baxanda, rakursundan asılı olaraq, ən yüksək vışkanın təsvirinə əlavə informasiyanın yükləndiyini görmək olar.
“Polymedia” şirkətinin Bakıdakı nümayəndəliyi bir il əvvəl açılıb. Nümayəndəlik Azərbaycanda dövlət hakimiyyəti orqanlarının, energetika, nəqliyyat, idman, təhsil və korporativ sektorlarının informasiyalaşdırılması sahəsində inteqrasiya həllərinin işlənib hazırlanması ilə məşğul olur.