“Portu” və “Braqa”nın sabiq rəhbəri “Şaxtyor”la ikiillik müqavilə imzaladı
Kiyev, 1 iyun, AZƏRTAC
Donetskin “Şaxtyor” komandasının yeni baş məşqçisi 43 yaşlı portuqaliyalı Paulu Fonseka oldu.
AZƏRTAC Ukraynanın Segodnya.ua internet qəzetinə istinadla xəbər verir ki, saziş iki il müddətinə bağlanılıb. P.Fonseka “Şaxtyor”un tarixində 32-ci məşqçi olacaq. O, Ukraynaya gələndə Rinat Axmetovla görüşüb. “Şaxtyor”un prezidenti komandanın yeni məşqçisini səmimi qarşılayıb. Onlar ən yaxın məqsədləri müzakirə ediblər, bu məqsədlər isə olduqca ambisiyalıdır. Klubda P.Fonsekadan yeni qələbələr və mükafatlar gözləyirlər. Rinat Axmetov deyib: “Əminəm ki, bu gənc, iddialı və yüksək ixtisaslı mütəxəssis azarkeşlərin komanda ilə qürur duymaları üçün əlindən gələni edəcək. Pauluya “Şaxtyor”, “Şaxtyor”a isə Paulu lazımdır”.
P.Fonseka deyib: “Şaxtyor” kimi klubun bir hissəsi olmağıma görə özümü xoşbəxt sanıram. Bu cür klubda işləmək istənilən məşqçi üçün ən böyük imtiyazdır. Azarkeşlərə demək istəyirəm ki, biz uzun illər boyu “Şaxtyor”da aparılmış işi davam etdirəcəyik. Biz çox iddialıyıq və bu iddiamızı gözəl və keyfiyyətli futbola yatıracağıq”.
Baş məşqçi bu gündən işə başlayır. P.Fonseka 1973-cü il martın 5-də Mozambikin Maputu şəhərində doğulub. Məşqçi kimi Portuqaliya Superkubokunu (2013, “Portu”) və Portuqaliya Kubokunu (2016, “Braqa”) qazanıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev