Postmüharibə dövründə 1400-dən çox müharibə əlili reabilitasiya vasitələri ilə təmin edilib VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 14 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Ümumi çarpayı fondu 700-dən çox olan həmin mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. Bu ilin 5 ayı ərzində 14 min 856 reabilitasiya xidməti göstərilib. İndiyədək mərkəzlər vasitəsilə 1113 nəfər ambulator xidmət, 4318 nəfər stasionar müalicə, 3724 nəfər icma əsaslı reabilitasiya xidmətləri və 5 mindən yuxarı telereabilitasiya xidmətləri alıb. Reabilitasiya mərkəzlərində beş ay ərzində 696 nəfər psixoloji dəstək göstərilib. Bu il göstərilən xidmətlərin sayını 30 minə çatdırmağı qarşıya məqsəd qoymuşuq.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
A.Bayramovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub.
Onun dediyinə görə, postmüharibə dövründə isə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsilə təmin olunub. Reabilitasiya mərkəzlərinin xidmətlərindən yararlanmaq üçün bu ildən yeni elektron rezervasiya sistemi istifadəyə verilib, yəni əlilliyi olan şəxs növbəyə durmadan, ona münasib olan reabilitasiya mərkəzini və müalicə gününü onlayn qaydada seçərək rezervasiya edir. Otelçilik prinsipi əsasında vaxtı çatanda reabilitasiya xidmətlərindən yararlana bilər.
Agentliyin sədri deyib: “Bu ildən reabilitasiya avtobusu vasitəsilə sağlamlıq imkanı məhdud uşaqların reabilitasiya mərkəzlərinə ambulator müalicəyə getməyə imkanı olmayan uşaqların transferinin təşkil etməyə və geri qaytarmağa imkan verən “Rehabas” layihəsinə start vermişik. Son vaxtlar başlayan həmin layihədən 100-dən çox sağlamlıq imkanı məhdud uşaq istifadə edib. Gələn həftədən səyyar reabilitasiya layihəsinə start veriləcək. Müəyyən kateqoriya əlilliyi olan şəxslər - yataq xəstələri, birinci qrup əlillər və ya başqa səbəbdən reabilitasiya mərkəzlərinə getmək imkanı olmayanlara səyyar xidmət göstəriləcək və onlara ev şəraitində həm fizioterapevtik, həm psixoloji, həm də müalicə bədən tərbiyəsi kimi xidmətləri göstəriləcək”.
A. Bayramovun verdiyi məlumata əsasən ötən ildən reabilitasiya vasitələrinin sayı da artırılıb. Əvvəllər əlilliyi olan şəxslər 34 sayda reabilitasiya vasitəsilə təmin olunurdusa, hazırda onların sayı 57-yə çatdırılıb. Son beş ayda 5 min 411 əlilliyi olan şəxsə 23 min 910 reabilitasiya vasitəsi təmin olunub. Bunlardan 492 nəfərə aşağı ətraf protezi, 76 nəfərə yuxarı ətraf protezi, 935 nəfərə əsa verilib, 2 min 760 ortopedik ayaqqabı, 2 mindən yuxarı protez ayaqqabısı, 623 eşitmə aparatı, 1000-dən yuxarı qapalı və açıq məkan üçün mexaniki təkərli oturacaqlar əlilliyi olan şəxslərə təqdim olunub.