PREZİDENT İLHAM ƏLİYEV ANKARADA HEYDƏR ƏLİYEV PARKI İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Heydər Əliyev parkı ilə tanış oldular.
Parka toplaşan sakinlər, ictimaiyyətin nümayəndələri, məktəblilər Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı böyük hörmətlə qarşıladılar. Onların əllərində türk dünyasının böyük oğulları Heydər Əliyevin və Atatürkün portretləri var idi.
Səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyun ayında ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Parkın girişində xüsusi hazırlanmış lövhədə ulu öndərin tərcümeyi-halı yazılmışdır. Buraya istirahətə gələnlər xalqımızın dahi oğlunun həyat və fəaliyyəti barədə məlumat ala bilirlər.
Parkda iki müasir fəvvarə quraşdırılmış, 11 minədək gül, 15 min ağac əkilmiş, 35 min kvadratmetr sahədə çəmənlik salınmışdır. Uşaqların əylənməsi üçün xüsusi qurğular quraşdırılmışdır. Sakinlərin istirahətinin səmərəli təşkili, idmanla məşğul olmaları üçün də lazımi şərait yaradılmışdır.
Dövlətimizin başçısı və xanımı ulu öndərin tərcümeyi-halı yazılmış lövhənin qarşısında xatirə şəkli çəkdirdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin parkdakı əzəmətli abidəsi önünə gül dəstələri qoydular, burada xatirə şəkli çəkdirdilər. Abidənin müəllifi Azərbaycan heykəltəraşı Natiq Əliyevdir.
Parka toplaşmış məktəblilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə olan məhəbbətlərini bildirdirlər. Dövlətimizin başçısı və xanımı məktəblilərlə xatirə şəkli çəkdirdilər.
######
![]() |
![]() |

