Prezident İlham Əliyev: Azərbaycanın rolu getdikcə artır
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanın rolu getdikcə artır. Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bildirib.
“Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model - bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə, Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk.
Azərbaycan Prezidenti ölkəmizdə bütün demokratik təsisatların yaradıldığını, bütün azadlıqların - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığının təmin edildiyini bildirib. “Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Dövlətimizin başçısı vurğulayıb ki, əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi.